"Gürcüstan beynəlxalq sanksiyalara sadiqdir və məhdudlaşdırıcı tədbirlərdən yayınması üçün heç kimə kömək edilmir".
Hafta.az-ın "Georgia Online"yə istinadən yazdığına görə, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
"Gürcüstan heç kimə sanksiyalardan yan keçməyə kömək etmir. Faktların heç biri təsdiqini tapmayıb. Gürcüstanın kömək etməsi qeyri-mümkündür, əksinə, dəfələrlə demişik ki, atılan addımlar hər kəsin maraqlarına cavab verməlidir", - Rati Breqadze qeyd edib.
Həmçinin, gürcü nazir bir daha bəyan edib ki, uçuşların bərpası barədə qərar Rusiya tərəfindən birtərəfli qaydada verilib və Tbilisi bunda qəbahət heç nə görmür. "Gürcüstan vətəndaşının öz vətənlərinə gəlməsi asanlaşdıqda, onlar pula və vaxta qənaət edəcək. Biz bunda pis heç nə görmürük", - Breqadze bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Qərbin sanksiyalarından yan keçməsi üçün Rusiyaya kömək edən 5 ölkə müəyyən etdiyini bildirib. Bunlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır.
Bildiyiniz kimi, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzərində işləyir ki, bu da məhz sanksiyalardan yayınmağa imkan verən Aİ-dən kənar ölkələri potensial cəzalandırmaq üçün yeni mexanizmdən ibarət olacaq.
Aİ səfirləri yeni sanksiyalar paketi ilə bağlı hələlik siyasi razılaşma əldə etməyiblər və gələn həftə danışıqları davam etdirəcəklər.